Tarixlər boyu,
zaman-zaman alovlanan müharibələr, qırğınlar, repressiyalar,
soyqırımlar, deportasiyalar təkcə şəhərlərimizi,
kəndlərimizi deyil, həm də minlərlə, milyonlarla
soydaşımızın həyatını, ömür yolunu alt üst etmiş,
onları taleyin amansız sınaqları ilə üz-üzə qoymuşdur.
Təkcə ötən əsrdə Azərbaycan xalqı dəfələrlə erməni
daşnaklarının, bolşeviklərin, rus və fars şovinistlərinin
törətdikləri repressiya və soyqırımlara məruz qalmış
öz doğma yurd-yuvalarından didərgin salınmış, qərib
ellərə üz tutmaq məcburiyyətində qalmışlar. Heç
də təsadüfi deyildir ki, bu gün dünyaya səpələnmiş
soydaşlarımızın sayı əlli milyon nəfəri ötüb keçməkdədir.
Bütün bu xüsusiyyətləri nəzərə alan, Ulu Öndər Heydər
Əliyev çox doğru olaraq qeyd edirdi ki, «xalqımız
dözümlü xalqdır!». Bəli, bu sözlərdə dahiyanə bir
həqiqət vardır.
Belə dözümlü və mətin, çətinliklərə sinə gərən və
eyni zamanda qəlbi daima vətən eşqi ilə döyünən,
doğma torpaq və yurd təəssübü çəkən həmvətənlərimizin
sıralarında əslən Qərbi Azərbaycandan olan Gürçamlar
ailəsinin də xüsusi yeri vardır.
1931-ci ildə Türkiyə ilə o zamankı Sovet Ermənistanı
arasında ikitərəfli deportasiya başlayanda yun ticarəti
ilə məşğul olan Gürçam Fərman Əli oğlu və onun ömür
yoldaşı Həlimə Gürçam Mehmet qızı da Qərbi Azərbaycandan
- öz dədə-baba torpaqlarından,isti ocaqlarından,
ev-eşiklərindən ayrılmaq zorunda qaldılar.
O zaman Gürçamlar ailəsi Qərbi Azərbaycanın Canfıda
kəndindən Türkiyənin İğdır şəhərinə gəlir və o zamandan
da bu şəhərdə məskunlaşırlar.
Bu gün bütün Avropada yaxşı tanınan, Azərbaycan
diasporunun görkəmli nümayəndəsi, «Belçika-Azərbaycan
Evi»nin təşkilatçısı və rəhbəri, ölkəmizdə və xaricdə
yayımlanan «Eu Xəbər» qəzetinin təsisiçisi və Baş
redaktoru olan Gürçam Bülent Fərman oğlu da 1962-ci
il iyun ayının 29-da İğdırda anadan olmuşdur.
Məktəbli Bülent hələ kiçik yaşlarıında ikən mətbuat
aləmi ilə yaxından maraqlanır, qəzet və məcmuləri
müntəzəm olaraq mütaliə edirdi. Mətbuata olan dərin
marağı və sevgisi sonralar onun bir qələm sahibi
kimi yetişməsində böyük rol oynamışdır. Təsadüfi
deyildir ki, Bülent Gürçam ilk qələm təcrübələrini
məhz kiçik yaşlarında ikən yazmağa başlamış və bu
yazılarını müxtəlif mətbu orqanlarda çap etdirmişdir.
Hələ, 1978-ci ildə Türkiyədə liseydə oxuyarkən jurnalistlikaya
böyük meyli və həvəsi olan Bülent Gürçam əlinə qələm
alaraq, onu narahat edən, düşündürən, qəlbindəki
doğma yurd həsrətini alovlandıran mövzularda məqalələr
yazaraq qəzet və jurnal redaksiyaları ilə əməkdaşlıq
etmişdir.
Mətbuat dünyasına böyük maraq göstərən, Bülent Gürçam
təhsil aldığı illərdə liseyin divar qəzetinə redaktor
seçilmiş, ilk qələm təcrübələrini məhz burada nümayiş
etdirmişdir. Oxuduğu məktəbin ən hazırlıqlı və istedadlı
öyrəncilərindən olan Bülent Gürçam tədricən jurnalistika
aləminə daha böyük məhəbbətlə bağlanmış və öz məqalələrini
Türkiyənin tanınmış, nüfuzlu qəzetlərinin səhifələrində
dərc etdirməyə başlamışdır.
Bülent Gürçamın məqaləlrinin çap olunduğu qəzetlərdən
biri də «Son Havadis» qəzeti olub. Gənc qələm sahibi
bu qəzetdə vaxtaşırı olaraq maraqlı və aktual məqalələrlə,
onu narahat edən və düşündürən mövzularda yazdığı
yazılarla çıxış etmiş, görüb bildiyi hadisələri,
problemləri populyar, sadə və oxunaqlı bir dillə
qələmə almışdır.
1980-ci ildə liseyi bitirən Bülent Gürçam böyük
ümid və arzularla, həyatda və sevdiyi peşə sahəsində
daha böyük uğurlar əldə etmək məqsədilə Avropaya
üz tutmuş, Belçikanın paytaxtı Brüssel şəhərinə
yollanmışdır.
Sonrakı illərdə Azərbaycan Beynəlxalq Universitetində
beş illik hüquq fakültəsində təhsil alıb və həmin
Universitetin hüquq fakültəsinin diplomuna yiyələnib.
Doğma ata
yurduna ürəkdən bağlanan, bu yolda hər bir çətinliyə
və əzab-əziyyətlərə qatlaşmağa hazır olan gənc Bülent
Gürçam tez bir zamanda Avropa mühitinin ab-havası
ilə nəfəs almağa, vətəni və xalqı üçün böyük işlər
görməyə başlayır. Bir qələm sahibi, jurnalist kimi
öz peşə vərdişlərini və ustalığını müntəzəm olaraq
inkişaf etdirən, qabaqcıl Avropa mətbuatının zəngin
ənənələrindən bəhrələnən, daha da irəli getmək istəyi
ilə yaşayan Bülənt Gürçam ilk öncə Türkiyədə çıxan
«Tərcüman» qəzetinin, daha sonra isə nüfuzlu «Hürriyyət»
qəzetinin Belçikadakı ofislərində çalışır.
Bu illərdə Bülənt Gürçam həmçinin milli diasporumuzun
formalaşması və inkişafı naminə böyük işlərə başlayır
və bir sıra layihələr həyata keçirir.
Bülənt Gürçamın peşəkar diaspor rəhbəri kimi fəaliyyəti
1980-ci illərdən başlayır. Brüsselə gəldiyi gündən
Azərbaycan həqiqətlərinin təbliğatı ilə məşğul olan
Bülənt Gürçam 1987-ci ildə Belçikada ilk türk qəzeti
olan «Qürbət» adlı qəzet nəşr edir. Elə həmin illərdə
Azərbaycanda yaranmış «Vətən» cəmiyyəti ilə əlaqələr
quran Bülent Gürçamın məqalələri «Odlar Yurdu» qəzetində
də çap edilməyə başlayır. «Vətən» cəmiyyəti ilə
bir sıra tədbirlər həyata keçirən Bülənt Gürçam
Azərbaycanın Avropada təbliği ilə əlaqədar yeni
forma və üsullar tapmış, bu sahədə zəngin təcrübə
toplamışdır.
Bir diaspor rəhbəri kimi kütləvi tədbirlərə böyük
önəm verən Bülənt Gürçam Belçikada dəfələrlə «Xocalı
çadırı» təşkil etmiş, Ümümdünya Gömrük Təşkilatının
Brüsseldəki mərkəzi malikanəsi önünə bütün türk
dünyasının rəmzi olan Dədə Qorqud abidəsinin qoyulmasını
təşkil etmiş, üzərində Ulu Öndər Heydər Əliyevin
və Azərbaycanın çağdaş prezidenti İlham Əliyevin
şəkilləri olan xüsusi poçt markaları nəşr etdirmiş,
azərbaycanlı əlillərə təmənnasız olaraq Hollandiyadan
əlil arabaları alıb gətirmiş, milli bayramlarımızda,
xüsusilə Qurban bayramında Azərbaycanın bölgələrində
məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə
baş çəkərək onlara qurbanlar paylamış, paytaxt Bakıda
ilk dəfə olaraq Avropada geniş qeyd olunan «Qonşular
bayramı»nı təşkil etmiş, xarici turistlər üçün fransız
dilində «Azərbaycan milli mətbəxi» adlı kitab nəşr
etdirmiş» və bir sıra yaddaqalan tədbirlər həyata
keçirmişdir.
«Vətən» cəmiyyətinin dəstəyi ilə 1989-cu ilin dekabr
ayında vətəni görmək üçün Azərbaycana gələn Bülənt
Gürçam qanlı 20 yanvar hadisələrinin şahidi olmuş
və bu hadisələri özü ilə gətirdiyi video-kamera
və foto-aparatlarla çəkərək bütün dünyaya yaymışdır.
1990-cı il yanvar ayının (ocaq ayının) sonunda Bakıdan
çıxarılan Bülənt Gürçam Moskvaya yola düşərək orada
Beynəlxalq KİV nümayəndələri ilə canlı əlaqələr
quraraq Bakıdakı hadisələri xarici dillərdə bütün
dünyaya çatdırmışdır.
Belçikaya dönən Bülənt Gürçam Azərbaycanda topladığı
materiallara istinad edərək bir sıra tədbirlər keçirmiş,
Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə olduğu
kimi çatdırmışdır.
Bülənt Gürçamın diplomatiya fəaliyyəti isə onun
tərcümeyi-halının ən maraqlı səhifələrindəndir.
1995-ci ildə Brüsseldə ilk Azərbaycan səfirliyinin
yaranmasında iştirak edən Bülent Gürçam 2000-ci
ilədək, 5 il müddətində səfirin köməkçisi vəzifəsində
çalışmışdır.
Bülent Azərbaycan milli diasporunun təşəkkülü və
inkişafı sahəsində çöx böyük və sanballı işlər görmüşdür.
Lakin vətəndaşlıq statusu ala bilmədiyi üçün öz
ərizəsi ilə tutduğu vəzifədən istefa vermiş və 2000-ci
ildə «Belçika Azərbaycan Evi» adlı diaspor təşkilatı
yaratmışdır.
«Belçika Azərbaycan Evi» Azərbaycan mədəniyyətini,
tarixini, incəsənətini avropalılara tanıtmaq, eləcə
də dünya azərbaycanlılarını bir araya toplamaq məqsədilə
yaradılmış bir diaspor təşkilatıdır.
2000-ci ildən «Azərbaycan Kültür və İnformasiya»
dərgisini, 2003-cü ildən isə hər il Xocalı faciəsinin
anımı ərəfəsində dörd dildə «Genocide» jurnalını
nəşr edən Bülent, Xocalı həqiqətləri, ermənilərin
azərbaycanlılara qarşı terrorçu əməlləri barədə
avropalılara bu gün də ən yeni və operativ informasiyalar
verməkdə davam edir. Bülent Gürçam təkcə «Eu Xəbər»
qəzetinin səhifələrində deyil, həm də bu qəzetin
www.euxeber.com saytında aktual və dəyərli məlumatlar
verir, maraqlı analitik məqalələrlə çıxış edir.
Bülənt Gürçam ölkəmizin Avropada, o cümlədən Brüsseldə
ən layiqli təmsilçisidir. Təsadüfi deyildir ki,
ölkə prezidenti Heydər Əliyev Bülənt Gürçamın fəaliyyəti
ilə həm bir diplomatik korpus əməkdaşı-səfirliyin
işçisi kimi, həm də bir diaspor rəhbəri kimi şəxsən
maraqlanmış, onunla söhbət etmiş, tövsiyələr vermişdir.
Prezident İlham Əliyev isə Brüsselə gələrək, Dünya
Gömrük Komitəsinin iqamətgahı önündə qoyulmuş «Dədə
Qorqud» heykəlinin təntənəli açılış mərasimində
iştirak etmişdir.
Hal-hazırda öz vətəni və xalqı üçün böyük işlər
görmək həvəsi ilə yaşayan və bu yolda yorulmaq bilməyən,
yeni-yeni layihələr üzərində düşünən Bülənt Gürçam
Azərbaycan torpaqlarının düşmən işğalından azad
olması, doğma ata yurdunun çiçəklənməsi və inkişafı
yolunda var qüvvəsini sərf edir.