Əsas səhifə
Bioqrafiyam
Məqalələrim
Kitablar, nəşrlər
Qəzetlər Bülent Gürçam barədə
Foto albom
Qonaq kitabı


 


«Hər dəfə yalnız problemlərlə avropalıların
qarşısına çıxmaq olmaz»

Belçikadakı «Azərbaycan Evi»nin rəhbəri Bülənt Gürçam Avropada ölkəmizin təbliğini gücləndirmək üçün önəmli tədbirlər hazırladıqlarını bildirib.

Dünən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində Belçikada fəaliyyət göstərən «Azərbaycan Evi» təşkilatının rəhbəri Bülənt Gürçam mətbuat konfransı keçirdi. O, bu qurumun Belçikada Azərbaycan səfirliyinin açılmasında, həmçinin Belçika-Azərbaycan, Avropa-Azərbaycan əlaqələrinin qurulmasında və inkişafında yaxından iştirak etdiyini dedi. Azərbaycanın Belçikada tanıdılması üçün bir sıra işlər gördüklərini, Avropanın bəzi ölkələrində mədəni tədbirlər, konsertlər təşkil etdiklərini, qaçkın və məcburi köçkünlərimizə yardımlar göndərdiklərini diqqətə çatdırdı:
«2002-ci ildə Xocalı soyqırımı ilə bağlı Brüsselin mərkəzi küçələrində çadırlar qurulub. Bu etiraz aksiyası zamanı soydaşlarımız həm də imzatoplama kompaniyası aparıb, erməni vəhşiliklərinə, Azərbaycanlılarla bərabər, başqa xalqların nümayəndələrinin də etirazlarını bildirdiyi Belçikanın Xarici İşlər nazirliyinə təqdim olunub. Soyqırımı əks etdirən və 4 dildə çap olunan dərgi Belçikada və bir neçə ölkədə yayılıb».
B.Gürçam bildirdi ki, soyqırımla nəticələnən erməni təcavüzünün günahkarlarının cəzalandırılması üçün məhkəmələrə müraciət etmək niyyətindədirlər. 2004-cü ildə Brüsseldə Dünya Gömrük təşkilatının binası qarşısında Dədə Qorqudun heykəli qoyulub, prezident İlham Əliyev heykəlin açılış mərasimində iştirak edib. B.Gürçam Azərbaycan mədəniyyətinin də ciddi şəkildə təbliğ olunmasının vacibliyini vurğuladı:
«Hər dəfə yalnız problemlərlə Avropa cəmiyyətinin qarşısına çıxmaq olmaz. Bir az da mədəniyyətimizi yaymaq, qədim, milli-mədəni dəyərlərimizi avropalılara göstrmək lazımdır. Bunun üçün konsert proqramları düzənləyib, azərbaycanlı sənətçilərin çıxışlarını təşkil etməyə çalışırıq. Bizim həm də «Eu xəbər» adlı qəzetimiz çıxır. Əsasən Azərbaycan haqqında olan bu nəşr indi burada və Türkiyədə də yayılacaq».
B.Gürçam Belçikada və digər Avropa dövlətlərindəki türk diasporları ilə yaxından əməkdaşlıq etmək niyyətində olduqlarını dedi. Türkiyə və Azərbaycan türklərinin hədəfi eyni olduğundan birləşməyin vacibliyini önə çəkən soydaşımızın sözlərinə görə, bu zaman diasporumuz, lobbiçiliyimiz də güclənər, qarşıya qoyulan məqsədlərə daha tez nail olunar. Belçikada güneyli-quzeyli 10 minə yaxın azərbaycanlı yaşadığını deyən diaspor qurumunun rəhbəri bildirdi ki, bu ölkədəki soydaşlarımız daha da fəallaşmağa çalışırlar, çünki beynəlxalq təşkilatların bir çoxunun mərkəzi qərargahı Brüssel şəhərindədir.
B.Gürçam Bakıya səfəri zaman Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşdüyünü və yaxın gələcəkdə görüləcək işlərlə bağlı planlarını onun diqqətinə çatdırdığını, təklif və təşəbbüslərinin Komitə sədri tərəfindən bəyənildiyini söylədi. B.Gürçam bildirdi ki, Dövlət Komitəsi ilə birgə Belçikada Azərbaycan günləri keçirməyi nəzərdə tutublar. Onlar Avropa Parlamentinin binasında Azərbaycan incəsənətinin təbliği məqsədilə rəsm sərgisi təşkil etmək, 31 mart soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirmək niyyətindədirlər. Eyni zamanda, ermənilərin qondarma soyqırımla bağlı tədbirlər hazırladıqlarını deyən soydaşımız bunun qarşısının alınması, adekvat cavablar verilməsi üçün fəalliq göstərəcəklərini diqqətə çatdırdı. «Belçika-Azərbaycan Evi»nin rəhbəri Bakıya həm də ölkələrarası iqtisadi əlaqələri inkişaf ekdirmək məqsədilə gəlib. Bakıda yeni paltar fabriki açdığını deyən Bülənt Gürçamın sözlərinə görə, burada 50 nəfər yerli azərbaycanlı çalışacaq. Mütəxəssis kimi isə Belçikada yaşayan türklər dəvət ediləcək. Bu il aprelin 15-də fabrikin açılışı olacaq.
Dövlət Komitəsinin ikinci ərazi üzrə şöbə rəisi Nazim Qaraxanov isə bildirdi ki, Vyanada yaşayan soydaşlarımız 31 mart soyqırımı ilə əlaqədar şəhərin küçələrilə ATƏT-in qərargahına qədər yürüş edəcəklər. O, həmçinin qeyd etdi ki, ermənilərin Avropada Azərbaycan haqqında yaratdıqları mənfi rəyi dağıtmaq və tariximizi, mədəniyyətimizi təbliğ etmək üçün görülən işləri formaca yeniləşdirmək lazımdır

Sevda İlhamqızı
«525-ci qəzet»,
26 mart,2005-ci il



© 2006 Copyright Personal site of Bülent Gürçam - www.bulentgurcam.az | Site by: WebStudio.Az