Belçikadakı Azərbaycan
diasporunun rəhbəri
Bülənt Gürçam belə deyir.
Dünən Bakı mətbuat Klubunda Belçikada
fəaliyyət göstərən «Azərbaycan Evi». Cəmiyyətinin
yaratdığı İnternet saytının təqdimat mərasimi keçirildi.
Tədbirdə adı çəkilən cəmiyyətin və Belçikadakı Azərbaycan
diasporunun rəhbəri Bülənt Gürçam da iştirak edirdi.
«Azərbaycan Evi»nin Bakıdakı nümayəndəsi Aydın Cəfərov
bildirdi ki, ötən il yaradılan cəmiyyət Avropa ölkələrindəki
Azərbaycan diasporlarınını fəaliyyətini gücləndirmək
və əlaqələndirmək niyyətindədir. O, Bülənt Gürçamın
bu istiqamətdə gördüyü işlər barədə danışdı: «Gürçam
Türkiyədən mühacirət etmiş azərbaycanlıdır. Neçə
illər öncə Belçikada Azərbaycan diasporu yaradıb.
O, bir müddət Brüsseldəki Azərbaycan səfirliyində
çalışıb».
Sonra zaldakı iri ekranda sözügedən İnternet saytı
(www.diaspora-az.com) nümayiş etdirildi.
«Azərbaycan Evi»nin rəhbəri Bülənt Gürçam bildirdi
ki, sayt dört dildə (ingilis, fransız, rus və Azərbaycan)
yaradılıb: «Saytın ayrı-ayrı səhifələrindən Azərbaycan
haqqında istənilən bilgi almaq mümkündür. Bu səhifələrdə
Azərbaycan problemləri, mədəniyyəti, musiqisi, tarixi,
idmanı, təbiəti, və mətbəxi haqda ətraflı məlumatlar
yerləşdirilib. Bundan başqa, saytın köməyi ilə «Araz
radiosu»na və Azərbaycan musiqilərinə qulaq asmaq
olar». B.Gürçam saytda Qarabağ problemi və Xocalı
soyqırımına da xüsusi yer ayrıldığına dedi.
O, Avropa ölkələrindəki Azərbaycan diasporlarının
fəaliyyətinə də toxundu: «Təəssüf ki, xaricdə Azərbaycan
lobbiçiliyi çox zəifdir. Azərbaycanın xarici ölkələrdəki
diplomatları bu istiqamətdə heç bir iş görmürlər.
Təsəvvür edin, Avropanın paytaxtı Brüsselə Azərbaycandan
millət vəkilləri və digər nümayəndələr gəlir,biz
isə onlarla görüşə bilmirik. Halbuki lobbiçiliyi
gücləndirmək üçün ilk növbədə xarici ölkələrdə yaşayan
azərbaycanlılarla əlaqəli iş görülməlidir». Bülənt
Gürçama görə, «xaricdəki erməni lobbisi də güclü
deyil,sadəcə, bizim fəaliyyətsizliyimiz onların
öndə olmasına səbəb olub. Belçika-Azərbaycan nümayəndəliklərində
37 nəfər, Ermənistan səfirliyində isə cəmi 6 adam
işləyir. Ermənilər bizimkilərdən çox işlər görürlər».
B.Gürçam xaricdəki Azərbaycan diasporlarında parçalanmalardan
narahat olduğunu dedi: «Çalışacağıq ki, onları bir
araya gətirək.»
Əfqan
«Xalq cəbhəsi» qəzeti,
14 may,2002-ci il.