Bülənt Gürçam:
«Bu qəzet Azərbaycanla Avropa arasında körpü
rolunu oynayacaq».
İlk sayı Milli Mətbuat günündə
nəşr edilən «Eu Xəbər» qəzetinin rəhbərləri ötən
gün «Bakı» Mətbuat Klubunda jurnalistlərlə görüşərək
mətbu orqanın gələcək fəaliyyəti ilə bağlı məlumat
verdilər. Qəzet «Belçika-Azərbaycan Evi»cəmiyyətinin
dəstəyi ilə ərsəyə gəlib.
Qəzetin Baş redaktoru və cəmiyyətin sədri Bülənt
Gürçam bildirdi ki, yüksək poliqrafik səviyyədə,
rəngli tərtibatla çap olunan qəzet ayda 2 dəfə 12
səhifədə oxucuların görüşünə gələcək.
O, «Avropaya addım-addım» devizli qəzetin 3000 tirajla
çap olunacağını diqqətə çatdıraraq bunda əsas məqsədin
Azərbaycanın Avropaya inteqrasiyası problemlərini
işıqlandırmıqdan ibarət olduğunu dedi. Onun sözlərinə
görə, «Eu Xəbər» Azərbaycanla Avropa arasında körpü
rolunu oynayacaq:
«Qəzetin nəşrində əsas məqsəd Azərbaycanımızın Avropa
Birliyinə inteqrasiyasına dəstək olmaq və bu məsələlərlə
bağlı əhali arasında maarifləndirmə işi aparmaqdır».
Baş redaktor digər mühüm məqsədin isə xalqımızla
bağlı məlumatların avropalı oxuculara çatdırılmasından
ibarət olduğunu söylədi:
«Biz «Belçika Azərbaycan evi» olaraq tez-tez Azərbaycana
gəlirik. Hər gəlişimizdə də bir şey hazırlayırıq.
Bu dəfəki gəlişimizdə isə haqqında danışdığımız
qəzeti hazırlamışıq. Sözsüz ki, hər şeyin ilkində
nöqsanlar olduğu kimi, qəzetin ilk nəşrində də nöqsanlarımız
var. Qəzetin nə dərəcədə yaxşı və pis çıxmasını
oxusuların ixtiyarına buraxırıq. Qiyməti əlbəttə
ki, onlar verəcək».
Qəzetdə əsas üstünlüyün informasiya və analitik
xarakterli yazılara veriləcəyini diqqətə çatdıran
B.Gürçam reklama ehtiyac olmadığını dedi.
Qeyd edək ki, qəzetin ilk sayında Avropanın ünlü
simaları və siyasətçilərinin çeşidli yazıları dərc
olunub. Belçika Baş nazirinin müavini, xarici işlər
naziri Louis Mişelin, Dünya Gömrük təşkilatının
sədri Mişel Danenin, APCO-İtaliyanın Baş redaktoru,
Avropa parlamentinin eks-mətbuat katibi İvo İliç
Garabanın dəyərli fikirləri ilk sayda oxuculara
təqdim olunub.
Vüqar Qocamanlı
«Şərq» qəzeti.
24 iyul, 2004-cü il.